Tibbi Məqalələr

Ürək sağlamlığı, hipertoniya və ozonoterapiya haqqında peşəkar yazılar.

Arterial Təzyiqin Düzgün İdarə Olunması

Təzyiq dərmanı qabaqlayıcı vasitədir, təcili yardım deyil. Düzgün ölçü qaydaları, dərman intizamı və hipertoniyanın həyat tərzi ilə əlaqəsi.

Məqaləni oxu →

Ozonoterapiyanın İmmunitetə Təsiri

Autohemo-ozonoterapiya nədir, necə işləyir və hansı vəziyyətlərdə effektivdir. Elmi izah və klinik tətbiq sahələri.

Məqaləni oxu →

Ürək Xəstəliyinin 7 Erkən Əlaməti

İnfarkt qəfil gəlmir. Gizli infarkt, qadınlarda atipik təqdimat və müraciət üçün qırmızı bayraqlar.

Məqaləni oxu →
Məqalə 01 · Hipertoniya

Arterial Təzyiqin Düzgün İdarə Olunması

Yüksək təzyiq səssiz qatildir. İllərlə əlamətsiz davam edir, sonra qəfil infarkt, insult və ya böyrək çatışmazlığı kimi ağır fəsadlarla özünü göstərir. Təzyiqi kontrol altında olmayanlarda insult və iflic riski 7 dəfə artıqdır. Buna görə təzyiqin düzgün ölçülməsi, dərman intizamı və həyat tərzi dəyişiklikləri eyni dərəcədə vacibdir.

Təzyiqin Düzgün Ölçülməsi

Klinikada xəstələrin gətirdiyi ev ölçü nəticələri çox vaxt həqiqəti əks etdirmir. Səhv ölçü əsasında dərman seçimi xəstəliyin idarəolunmasını çətinləşdirir. Düzgün ölçü üçün qaydalar:

  • 5 dəqiqəlik istirahətdən sonra ölçün.
  • Beli oturacağa söykəyin, ayaqları yerə qoyun.
  • Yemək, qəhvə, siqaret və dərman qəbulundan əvvəl ölçün.
  • Manjeti dirsəkdən 1,5-2 sm yuxarı, ürək səviyyəsində bağlayın.
  • Hər iki qoldan, 15 dəqiqə fasilə ilə 2-3 dəfə ölçün.
  • Hər ölçməni gündəlikdə qeyd edin. Bu, həkim qəbulu üçün son dərəcə dəyərli olur.

Təzyiq Dərmanı Anlamı

Təzyiq dərmanı qabaqlayıcı vasitədir. Təzyiq qalxmasın deyə qəbul edilir, qalxdıqdan sonra yox. Bu fundamental bir məntiq fərqidir. Reaksiyalı qəbul (yalnız təzyiq qalxanda dərman içmək) faydasız və təhlükəlidir. Planlı qəbul isə damarları və orqanları qoruyur.

Daha vacib bir məqam: təzyiq düşdü deyə müalicə bitmir. Bir qutu bitdi deyə xəstəlik də bitmir. Dərmanı özbaşına dayandırmaq insult, infarkt və qəfləti ölüm riski yaradır. Hipertoniya xroniki xəstəlikdir və ömürlük izləmə tələb edir.

Yanlış istifadə edilən dərmanlar: Kankor təzyiq dərmanı deyil, ürək ritmini təhlükəyə atır. Kaptopril yalnız ilk yardımdır, davamlı müalicə deyil. Yüksək təzyiq fonunda Nimesil və digər ağrıkəsicilər qəbul etmək təhlükəlidir.

Hipertoniyanın Əsas Səbəbləri

  • Çoxlu duz qəbulu (gündə 5 q-dan çox).
  • Siqaret çəkmək.
  • Artıq çəki və piylənmə.
  • Stress və emosional gərginlik.
  • Hərəkətsiz yaşam tərzi.
  • Maqnezium çatışmazlığı.
  • İrsi faktorlar.
  • Böyrək və endokrin patologiyalar.

Limon, Sarımsaq və Bitki Çayları

Heç bir bitki, meyvə və ya təbii vasitə təzyiq dərmanını əvəz etmir. Hipertoniya xəstəsi limonla təzyiqi salmağa çalışdığı müddətcə insult, infarkt və qəfləti ölümlər qaçınılmazdır. Təzyiqiniz 180 mm c.süt və yuxarıdırsa, dərmanınızı qəbul edin. Sağlamlığınızı riskə atmayın.

Təzyiq dərmanı kurs deyil. Bir qutu bitdi deyə müalicə də bitmir. Təzyiqin düşməsi sağalmaq demək deyil. Dərmanınızı kəsməyin. Klinik müşahidə

Hipertonik Kriz Zamanı Tez Yardım

  • Xəstəni yarımoturaq vəziyyətə gətirin, otağa təmiz hava daxil edin.
  • Sakitləşdirin, hərəkət etdirməyin.
  • Alın, ənsə və biləklərə soyuq dəsmal qoyun.
  • Ürək nahiyəsində ağrı varsa, nitroqliserin dilin altına qoyun.
  • Adi qəbul olunan təzyiq dərmanını verin.
  • Təzyiqi kəskin endirmək təhlükəlidir. Yavaş-yavaş düşürmək lazımdır.
  • Ağrı və ya simptomlar davam edirsə, dərhal “təcili yardım” çağırın.
Məqalə 02 · Ozonoterapiya

Ozonoterapiyanın İmmunitetə və Sistemli Sağlamlığa Təsiri

Ozonoterapiya elmi əsaslı tibbi prosedurdur. Tibbi ozon (oksigenin xüsusi forması) terapevtik dozalarda tətbiq olunduqda orqanizmin antioksidant sistemini gücləndirir, immun funksiyaları aktivləşdirir və hüceyrə səviyyəsində bərpa proseslərini sürətləndirir.

Mexanizm

Ozon hüceyrələrə daxil olduqda mitoxondrial fəaliyyəti aktivləşdirir. Antioksidant fermentlərin (superoksid dismutaza, katalaza, qlutation peroksidaza) işini gücləndirir. Ağ qan hüceyrələrinin və immun amillərin istehsalını artırır. Damarları genişləndirir, qanın oksigen daşıma qabiliyyətini yaxşılaşdırır, reolojik xüsusiyyətlərini optimallaşdırır.

Autohemo-Ozonoterapiya Prosedurun Axını

  1. Müayinə və əks göstərişlərin qiymətləndirilməsi.
  2. Vena daxili olaraq xəstənin öz qanından kiçik miqdar (50-100 ml) götürülməsi.
  3. Steril şəraitdə qanın ozonla zənginləşdirilməsi.
  4. Zənginləşdirilmiş qanın yenidən venaya qaytarılması.
  5. Prosedur təxminən 30-45 dəqiqə davam edir.
Vacib: Bu “qan yuyulması” deyil. Qan xaricdən bir şeylə qarışdırılmır, sizin öz qanınız ozonla zənginləşdirilərək geri qaytarılır.

İmmunitet Üzərində Təsir

  • Ağ qan hüceyrələrinin istehsalını artırır.
  • İmmun amillər arasında siqnal ötürülməsini yaxşılaşdırır.
  • Antiviral, antibakterial və antifungal təsir göstərir.
  • Xroniki iltihab proseslərini azaldır.
  • Allergik reaksiyalarda dəstək təmin edir.

Sistemli Sağlamlığa Təsir

  • Qan damarlarını genişləndirir, beyin və ürək qan dövranını yaxşılaşdırır.
  • Qanda xolesterin və trigliserid səviyyəsini azaldır.
  • İnsulin rezistentliyini tənzimləyir.
  • Qaraciyər və bağırsaq funksiyalarını dəstəkləyir.
  • Pankreasdan insulin ifrazını artırır.
  • Antiage təsiri ilə hüceyrə yenilənməsini sürətləndirir.
  • Diabetik yaraların və cərrahi yaraların sağalmasını sürətləndirir.
  • Kimyəvi terapiyanın yan təsirlərini azaldır.

Klinik Tətbiq Sahələri

  • Hipertoniya və damar tutulması.
  • Şəkərli diabet və metabolik sindrom.
  • Allergik rinit və saç tökülməsi.
  • Xroniki yorğunluq və yuxu pozğunluqları.
  • Mövsümi infeksion xəstəliklərin profilaktikası.
  • Klimaks dövründə dəstəkləyici terapiya.
  • Qaraciyər piylənməsi və toksiki yüklənmə.
  • Anti-age protokolları.

Əks Göstərişlər

Ozonoterapiya hər kəsə uyğun deyil. Aşağıdakı hallarda prosedur təxirə salınır və ya tətbiq olunmur: aktiv qanaxma, glükoza-6-fosfat dehidrogenaza çatışmazlığı, hipertireoz dekompensasiya mərhələsində, ağır anemiya, qıcolma sindromları, qanın laxtalanma pozğunluqları. Hər prosedur müayinə və qan analizləri əsasında həkim qərarı ilə aparılır.

Məqalə 03 · Profilaktika

Ürək-Damar Xəstəliklərinin Erkən Əlamətləri

İnfarkt qəfil yox, xəbərdarlıqla gəlir. Günlər, hətta həftələr əvvəl bədən siqnal verir. Bu siqnalları vaxtında oxumaq həyat qurtarır. Gizli infarkt keçirən insanların yarısı bunu bilmir. Əlamətlər çox vaxt yorğunluğa, əzələ ağrısına və ya yuxusuzluğa yozulur.

1. Döş Qəfəsində Təkrarlanan Ağrı və ya Narahatlıq

Sıxılma, yanma, ağırlıq hissi və ya küt ağrı. Sol qola, sol kürəyə, çənəyə, boyuna və ya kürəklərarası sahəyə yayıla bilər. Fiziki yüklənmə və ya stress zamanı yaranıb dincəlmə ilə keçirsə, koronar damar problemi ehtimalı yüksəkdir. Nitroqliserindən sonra keçməyən 15 dəqiqədən artıq davam edən ağrı infarkt əlamətidir.

2. Səbəbsiz Nəfəs Darlığı və Tez Yorulma

Əvvəllər asanlıqla qalxdığınız pillələri indi nəfəs tutula-tutula qalxırsınız. Adi ev işləri sizi yorur. Bu ürək çatışmazlığının və ya işemiyanın ilk əlaməti ola bilər. Xüsusən gecə yatarkən başlayan nəfəs darlığı diqqət tələb edir.

3. Ürək Döyüntülərinin Nizamsızlığı

Sürətli, yavaş və ya nizamsız döyüntülər. Ürəyin “dayanma” hissi, qəfil tezləşmiş döyüntü və ya səyirmə hissi. Bu aritmiyaların əlaməti ola bilər. Aritmiya vaxtında nəzarətə götürülməsə, ürəyi tükəndirir və tromb əmələgəlmə riskini artırır.

4. Bayılma və ya Bayılmaönü Vəziyyət

Bayılmanı yüngül qəbul etməyin və “əsəbdəndir” deyib keçməyin. Bayılma ürək ritm pozğunluqlarının, aşağı təzyiqin, aortal stenozun və ya ürək bloklarının ilk əlaməti ola bilər. Səbəb mütləq araşdırılmalıdır.

5. Ayaqlarda Davamlı Ödem

Şişən ayaqlar, dolan barmaqlar, ağırlaşan bədən. Səbəbi həmişə duz deyil. Damar problemləri, qalxanabənzər vəz, böyrək və qaraciyər patologiyaları, hətta zəifləyən ürək də ola bilər. Uzun sürən ödem mütləq müayinə tələb edir.

6. Səbəbsiz Davamlı Öskürək

Soyuqdəymə deyib keçməyin. Uzun sürən və səbəbsiz öskürək sadə bir problem kimi görünə bilər. Lakin bəzən bu ürək çatışmazlığının ilk xəbərçisidir. Ağ ciyərlərdə qan durğunluğu öskürəyi əmələ gətirir.

7. Aşağı Ətraflarda Tük Tökülməsi

Çox kişilərdə müşahidə olunan bu əlamət gözardı edilir. Ayaqlarda tük tökülməsi aşağı ətraf damarlarında qan dövranı pozulmasının göstəricisidir. Bu ateroskleroz və damar tutulmasının xəbərçisidir.

Qadınlarda Atipik Təqdimat

Eyni infarkt qadınlarda və kişilərdə fərqli əlamətlərlə özünü göstərir. Kişilərdə klassik sinə ağrısı, qadınlarda isə aldadıcı simptomlar. Menopauza dövründə estrogen səviyyəsinin azalması ürək-damar riskini əhəmiyyətli dərəcədə artırır. İzah olunmayan yorğunluq, ürəkbulanma, kürək və ya qarın ağrısı laqeyd qarşılanmamalıdır.

İnfarkt Zamanı Tez Yardım

  • Dərhal “təcili yardım” çağırın.
  • Xəstəni rahat oturuş və ya yarımoturaq vəziyyətdə saxlayın.
  • Pəncərəni açın, təmiz hava daxil olsun.
  • 3 tablet aspirin (325 mq) çeynəmək həyatı xilas edə bilər.
  • Dilin altına nitroqliserin (varsa) qoyun.
  • Xəstəni təkbaşına qoymayın, yeyib içməyə zorlamayın.
Xəstəlikdən yox, onu vaxtında bilməməkdən qorxmaq lazımdır. Ən böyük səhv bədən pisləşənə qədər gözləməkdir. Klinik müşahidə

Bu Əlamətlərdən Biri Sizdə Varsa

Vaxt itirməyin. Müayinə üçün WhatsApp ilə yazın.

+994 55 877 64 07
💬